|
MafiaRamana - Mafia Haqqında
|
|
|
Azadlıq” qəzetinin ötən saylarında bir “KQB” müstəntiqinin rejimin cinayətkar keçmişi barədə səhifə-səhifə açıqlamalarını oxuduq. Orada şəxsən məni təəccübləndirən heç nə yoxdur. Azərbaycanın yaxın keçmişinin ən qaranlıq cinayətlərinin haradan su içdiyi həmin açıqlamalar olmadan da hər kəsə gün kimi aydındır. Bu açıqlamaların yeganə əhəmiyyəti isə rejimin mahiyyəti barəsində hələ də müəyyən quşqusu olanların içindəki şübhələri dağıtmasındadır. Onlara bu hakimiyyəti daha yaxından tanıtmasındadır.
Üstəlik, bunlar hələ hakimiyətdədir, hələ işbaşındadır, amma indidən sandıqlar açılır, pambıqlar tökülür. Gizlinlər gün işığına çıxır. Sirlər faş olur. Və mən istər-istəməz oturub düşünürəm: ay daaa... indi bunlar gedəndən sonra gör nələr ortaya çıxacaq! Nə qiyamətlər qopacaq! Nə həngamələr qopacaq! Nə sular durulacaq və biz onun dibində nə daşlar görəcəyik!
Söhbət heç bir “KQB” müstəntiqinin hakimiyyəti faş edən açıqlamalarından da getmir. Artıq bir ildən çoxdur biz maraqlı bir prosesi müşahidə edirik: hakim ailənin mülkləri, şirkətləri barədə ard-arda ifşa materialları dərc olunur. Artıq bizim əlimizdə rejimin sümürücü, soyğunçu mahiyyəti haqqında konkret dosyelər, bilgilər var. Artıq Əliyevlərin xalqdan çırpışdırdıqları, qamarladıqları sərvətlər barədə ümumi danışmağın vaxtı keçib.
Və bunun məhz bunlar hakimiyyətdə ola-ola baş verməsi çox gözəldir. Sirlər faş olur, amma onlar heç nə edə bilmirlər. Ifşa prosesini durdurmaq üçün əllərindən heç nə gəlmir. Bu, bir az da ölünün öz cəsədini kənardan müşahidə etməsi kimi bir şeydir.
Üstəlik, o da məlum olur ki, indiyə qədər ətək-ətək pul töküb jurnalistləri, qəzetləri satın almaları, susdurmaları boşuna imiş. Həqiqətlər yenə yazılır. Həm də bir ehtimal kimi yox, elə həqiqət kimi yazılır! Bütün çılpaqlığı ilə yazılır!
Yenə də əvvələ qayıdıram: bütün bunlar həm də bunlar hakimiyyətdə ola-ola baş verir. Görün, hakimiyyətdən getsələr nələr ortaya çıxacaq. Odur ki, hələ də rejimin qapı-bacasını təmizləyənlər, ona muzdurluq edənlər ayılmalıdırlar, özlərini sistemin cinayətlərinə daha artıq şərik etməməlidirlər. Onların gələcəkdə “biz hardan biləydik?” demək lüksləri də yoxdur. Həm artıq indidən bu cinayətlərin bir çoxu ortadadır və bu rejimin səngərini tərk etmək üçün yetərlidir. Həm də onlar “biz haradan biləydik?” deyərkən, adama qayıdıb deyərlər: bəs 19 yaşlı, bığ yeri yenicə tərləmiş Cabbar Savalanlı hardan bilirdi?
***
O ki qaldı yazının sərlöhvəsinə? Əslində, bu sualın cavabını yuxarıda oxuduqlarınızın içərisindən axtarıb tapa bilərsiniz.
Tapa bilməyənlərə isə Mussolinin Italiyası haqqında məşhur bir fikri xatırlatmaq istərdim: “Mussolininin Italiyasında mafiya yox idi, çünki Mussolininin Italiyasında mafiya - elə hakimiyyətin özü idi”.
Dilin çaşıb düzünü deməsi
Bu günlərdə əlimə bir kitab keçdi: “Tale ulduzu”. Orada Heydər Əliyev haqqında şeirlər toplanmışdı. Onlara şeir demək günahdır, adamın ağzı əyilə bilər - bu, öz yerində.
Kitaba gözucu nəzər saldım, həm əylənmək, həm də insan yaltaqlığının miqyasının haracan olduğunu öyrənmək üçün. Diqqətimi Kələntər Kələntərli deyə bir müəllifin üç səhifəlik uzun mədhiyyəsində bir misra çəkdi. Əttökən təriflərin içərisində həmin misra zibillikdən muncuq tapmaq kimi bir şey idi: “Ölkədə dinənin dilini kəsdi”.
Doğrudan da, dil çaşıb düzünü deyərmiş. Qələm yanılıb doğrunu yazarmış. |
Bugün 6 ziyaretçi (10 klik) kişi burdaydı!
|
|
|
|